Əməkdaşlarımız

Veysəl Namiq

STİMUL Education & Consulting

Təsisçi

Namiq Mühəndis oğlu Veysəl 19 Sentyabr 1981-ci ildə Gürcüstanda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Kəpənəkçi kənd 1 saylı orta məktəbini bitirdikdən sonra 2000-2005-ci illərdə “Xəzər Universiteti”nin “İqtisadiyyat və Menecment” fakültəsində, Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə ali təhsil almışdır.

 

Əmək fəaliyyəti: Əmək fəaliyyətinə 2003-cü ilin fevralında "Kapital Bank" ASC-də (o vaxtkı "Beynəlxalq Universal Səhmdar Bankı") əməliyyatçı-mühasib kimi başlamış və 2003-cü ilin dekabrından isə o vaxtkı "Qaradağ Sement" ASC-də (indi "Holcium Group") mühasib kimi fəaliyyətini davam etdirmiş və 2005-ci ilin mayınadək orada işləmişdir. 2005-ci ilin mayından etibarən isə Şahdəniz Qaz İxracı layihəsində Layihə menecerinin maliyyə və idarəetmə üzrə müavini vəzifəsində işləmişdir. 2006-cı ilin sonunda, layihəni tamamladıqdan sonra "British Petrolium" (BP) şirkətinin subpodratçılarından olan "Contruction Repair Company" şirkətinin baş ofisində mühasib kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ilin Aprelinədək bu şirkətin mühasibi işləmişdir. Namiq müəllim 2008-ci ildə fərdi sahibkar kimi fəaliyyətə başlamış, 2009-cu ilin mayından etibarən isə "STİMUL NN" MMC-ni təsis etmişdir. Eyni zamanda 2014-cü ilin sentyabrında fəaliyyətə başlayan digər bir Təhsil Mərkəzini, British Academy-ni də təsis etmişdir. O, həmçinin 2016-cı ildən etibarən Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən "Global Trading Company" MMC-nin təsisçisi və direktorudur.

 

"STİMUL NN" MMC-də fəaliyyəti: Namiq Veysəl 2009-cu ilin yanvar ayında STİMUL Təhsil və Konsaltinq şirkətini təsis etmişdir. Hal hazırda təsisçisi olduğu STİMUL Təhsil və Konsaltinq Mərkəzinin baş direktoru olaraq onlarla Banklar, Nazirliklər, holdinqlər və yüzlərlə müəssisə və təşkilatların işçi heyətinin ixtisasartırmasını həyata keçirir. Hazırda "Kiçik və Orta Biznesin inkişafı Agentliyində" (KOBİA) yaradılmış "KOS subyektlərinin "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi" üzrə komisyanın özəl sektor üzrə iki təmsilçisindən biridir.

 

İctimai fəaliyyəti: 2000-ci ildən İctimai fəaliyyətlə məşğuldur. Bir neçə İctimai Birliyin həmtəsisçisi olmaqla yanaşı rəhbərliklərində təmsil olunmuşdur. 2000-2004-cü illərdə "SABAH" Gənclər Birliyinin idarə heyətinin üzvü və Xəzər Universitetindəki şöbəsinin sədri olmuşdur. 2007-ci ildən isə əsasən xeyriyyə və bir sıra sosial layihələri icra edən "Stimul" Gənclər Şəbəkəsinin həmtəsisçisi və idarə heyətinin üzvüdür. O, 2019-cu ildən Gürcüstanda fəaliyyət göstərən QHT-lərlə də sıx əməkdaşlıq etməklə yanaşı, Tbilisidə təsis edilən "Dostluq" Mədəniyyət və Təhsil Mərkəzinin təsisçisi və rəhbəridir. 2019-cu ildən etibarən “Soydaş” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. 

 

Nəşr, mətbuat və araşdırma: Namiq bəy 2000-ci ildən etibarən "Xəzər xəbər" jurnalında müxtəlif məqalələrlə çıxış etməyə başlamış, 2001-ci ildən 2004-cü ilədək tələbə məclisinin "Xəzər xəbər" jurnalı redaksiyasının rəhbəri olmuşdur. 2001-ci ildən etibarən Borçalıdakı türk toponimləri, qədim türk yurdu olan kənd və rayonların, şəhərlərin tarixi keçmişini, əhalinin tərkibi və yerdəyişmələri haqqında bir sıra araşdırmalar aparmışdır və bu gün də arxiv məlumatları əsasında araşdırmalarını davam etdirir. 

Namiq müəllim bir sıra məqalələrin müəllifi, 4 kitabın baş redaktoru olmaqla yanaşı eyni zamanda "Yaşıl İqtisadiyyat - Alternativ enerji mənbələri" kitabının müəllifidir.

Ailəlidir, 2 oğlu və 2 qızı var.

Telefon: +994 77 497 79 77

E-poçt: n.veysel@stimul.az

Qəbul günləri: həftə içi saat 10:00-dan 16:00-dək